SƏMANIN AL GÜNƏŞİ

Yağış yağır, damcı-damcı,

SƏMANIN AL GÜNƏŞİ

Yağış yağır, damcı-damcı,
Ürəklərə qəm ələnir,
          Acı-acı...
Zülmətə bürünmüş bu gecəyə 
        Kədər verir, yağan yağış,
Damlaları naxış-naxış.
Amma mənə elə gəlir, vallah bu heç
         Yağış deyil,
Səma adlı bir gözəlin,o mənalı gözlərindən 
         Axan yaşdı!
İtirdiyi sevgisinə sadiq  qalıb, saxladığı
         Qara yasdı!
Yəqin  səma itirdiyi günəşiyçin
Yas saxlayır,
Görən hara getdi günəş?
Bəs nə üçün itdi günəş?
Görən nə vaxt qayıdacaq səmasına?
Nə vaxt qovuşacaq səma,
Günəş adlı isti, qaynar, həzin
Sevgi dünyasına?
Görən səma dözəcəkmi günəşinə
         Qovuşmaqçın?
Yoxsa elə sübhə kimi ağlayacaq?
        Ağlayacaq həzin-həzin, kövrək-kövrək,
         Ürəyini dağlayacaq?
Ulduzlar dilə gəldilər, dedilər ki, bu nisgilli
         İncə qəlbli səmamıza,
 Ürəyini ağrıtmasın, gözdən leysan
          Yağdırmasın!
Fırtınalar qoparmasın!
Zaman gələr, vaxt yetişər,
Yəqin sənin də haqqın var,
Bir səhər günəşin gələr!
Ağlamaqdan solan çöhrən yenə gülər!
Arzum budur bir kimsənin səmasından
         Al günəşi itməsin,
Qəlbində həsrət kölgəsi bitməsin!

Mayisə Əsədulla Əliyeva